My Links

«Royal Bank»ın aktivləri son bir ildə 42% artıb

posted Feb 12, 2010, 5:39 AM by Unknown user   [ updated Feb 14, 2010, 3:18 AM ]
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 144,606 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 42% çoxdur.  
 
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 76,7% genişlənərək 63,746 mln. manata, kredit portfeli 31,5% artaraq 103,598 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 30,4% artaraq 86,243 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 18,8% artaraq 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 21,9% artaraq 20,622 mln. manat təşkil edib. 
 
Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 45,7% artaraq 25,242 mln. manat, xərcləri isə 49% artaraq 25,713 mln. manat olub. Nəticədə, bank ötən ili 471 min manat zərərlə başa vurub. 
 
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 3 filial açıb, 4 bankomat və 28 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın müştərilərinin sayı 30,2% artaraq 45 216 şəxs, işçilərinin sayı 17% artaraq 594 nəfər, orta aylıq əmək haqqı isə 39,3% artaraq 574 manat olub. 
 
Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
08/02/2010
Comments